İndi bizim ədəbiyyat qurdlar vadisi kimi bir yer olub
adminMart 22, 2008 22:02
Rasim Qaraca: Dövlət Yazıçılar Birliyinə verdiyi pulun yarısını Yazarlar Ocağına versə biz Nobeli Azərbaycana gətirə bilərik.
- Ədəbiyyatmızda yeni olan, yəni ürək açan və açmayan nələr var.
- Ədəbiyyatımızda yeni imzalar var, yeni istedadlı cavanlar meydana çıxır, bu ürəkaçandır. Lakin gənclər özlərinə meydan tapa bilmirlər, ədəbi mühit daha əvvəlki nəsillər tərəfindən zəhərlənib, bu zəhərli mühitdə təzə pöhrələrin boy atması çox çətindir....
Mən özümün və Alatoranın missiyasını bu mühiti təmizləməkdə, milli ədəbiyyatımızın yeni gələn yazıçı nəsli tərəfindən dirçəldilməsində görürəm. İndi bizim ədəbiyyat qurdlar vadisi kimi bir yer olub, burada duruş gətirməkdən ötrü çox dozümlü olmalısan. Gənc bir yazıçının özünü təsdiq etməsi ömrünün tən yarısını apara bilər. Ədəbi yaradıcılıq heç bir gətirisi olmayan bir məşğuliyyətdir ki davam etməkdən ötrü son dərəcə fədakar və fanatik olmalısan. Ürək açmayan bunun belə olmasıdır. Ədəbiyyat pilləkənlərində özünə müəyyən mövqe qazanmış adamlar bir qayda olaraq özlərini sonuncu zirvə sayırlar, özlərindən sonra nəsə yeni bir imzanın yaranacağına dəhşətli qısqanclıq hissi ilə yanaşırlar.. - Bəlkə Nizami Gəncəvinin “şerdə ucalıq umma dünyada, çünki Nizamiylə qurtardı o da” sindromu özünü göstərir burada? - Yəqin ki. ...Sonuncu peygəmbər sindromu da var bizim xalqın proqramında. Xüsusən yaradıcı insanlar, adətən belə olur ki, az qala ana bətnində psixoloji sarsıntı keçirmiş insanlar olurlar, yaradıcılıq yolundakı balaca uğurlar onların başını tez gicəlləndirir. Mən bizim ad-san qazanmış yaşlı yazıçıların çoxunu şizofreniyaya mübtəla insanlar görürəm. Xüsusilə ədəbiyyat və mədəniyyət sahəsinə aid olan önəmli vəzifələrdə yerləşmiş olmaları bu adamları ədəbiyyat və mədəniyyət ailəçiliyi üçün çox ziyanlı edir... bunlar da ürək açmayan şeylərdir. - “Alatoran” adlı ədəbiyyat dərginiz ədəbi aləmdəki boşluğu doldururmu sizcə? - Mən “Alatoran”ın rolunu şişirtmək istəmirəm. Ədəbi mühit daha canlı olmalıdır, özəlliklə ədəbi tənqid işlək olmalıdır, pis-yaxşı, yazılan əsərlər haqqında analitik yazılar yazılmalıdır, ədəbiyyat mübahisəsi olmalıdır. Dolayısıyla yazılan əsərlər ciddi şəkldə saf-çürük edilməlidir. Bunlar olmadan yazıçıların boy artımı mümkün ola bilməz... “Alatoran” bu boşluğu dldurmağa çalışır. Ən azından seçici davranırıq, istedad işartısı gördüyümüz gəncləri önə çəkməyə çalışırıq. Devizimiz də belədir: “Gündüz əldə çıraq istedad axtarırıq!”. Ən yaxşılar bizi seçir. Gənclər başqa ədəbiyyat dərgilərində çap olunmaq istəmədiklərini açıq şəkildə bizə bildirirlər. “Alatoran” ədəbi mühitə yaradıcılıq vəhmi gətirir, olmasa indi gödüyünüz nisbi canlılıq da olmazdı sanıram. - Axı bu dərgi söyüş, açıq-saçıq şəkillərlə daha çox gündəmdə qalmaq istəyir. Təxminən “Oxu məni” qəzeti və ya yeni işıq üzü görən “Sarı” dərgisi kimi. Bu isə ədəbiyyata dəxli olmayan məsələlərdir. - “Söyüş” və “açıq-saçıq” deyərkən nələri nəzərdə tutursunuz bilmirəm, bəlkə sizin söyüş deyərkən nəzərdə tutduğunuz şeylər əslində heç söyüş deyil. Hər halda jurnalda dərc olunan materiallar Mətbuat Haqqında Qanunun tələbləri və ədəbiyatşünaslıq məsələləri çərçivəsindədir. - Siz nə qədər desəniz də öz fikrimdə qalıram və bu təkcə mənim deyil “Alatoran” oxucularının da fikridir. Siz dərginizdə əsl ədəbiyyatı deyil, sanki ədəbi şou-biznesi işıqlandırırsız. Aygün, Röya soyunub, məşhuralaşan kimi “Alatoran” da ədəbiyyatmızı soyundurmaqla məşhurlaşmağa çalışır. - Gətirdiyiniz müqayisəni o qədər də uğurlu hesab etmirəm. “Alatoran” oxucuları ilə bu günə qədərki təmaslarım ərzində belə bir fikirlə qarşılaşmamışam. Məncə siz və dediyiniz həmin oxucular bir şeyi bilməlidirlər ki, biz bu gün fərqli bir dövrdə yaşayırıq, hər şey dəyişmədə və gəlişmədədir, bu cümlədən ədəbiyyat. Əski dövrdən qalan bir çox tabular indi yıxılmaqdadır. Unutmayaq ki, Sovet İttifaqı qapalı bir ölkə idi, mədəni dünyadan təcrid olunmuşdu, sərbəst, plüralistik münasibətlərin mövcud olduğu Qərb mədəniyyətini qəbul etmirdi, burada ədəbiyatın da qarşısında partiyalı olmaq kimi əcaib tələblər qoyulmuşdu. Təəssüf ki, bu günə qədər biz sözdə demokratiya yolunu tutmuşuq, ancaq ədəbiyyatımız hələ də partiyalıdır, əski tabular da yerli yerindədir. Vaqif Mustafazadə kimi fərqli düşünən insanlar bu cəmiyyətdə hələ də qəbul olunmamaqdır. Məncə hər kəsin biri-birinə bənzədiyi bu cəmiyyətdə yaşadığımıza görə utanmalıyıq və “Alatoran”ı da alqışlamalıyıq ki, boz ədəbiyyat ənənəsini yıxmağa çalışır. - Axı siz Sevinc Pərvanənin “çəngəl-bıçağı” ilə daha çox tanındınız. Söhbət Sevincin atasına ittifah etdiyi məlum şeirindən gedir. - Sevinc qeyri-adi istedada sahib gənc bir qızdır. Onun qələmindən çıxan hər şey maraqlıdır. Əgər üstündən 4 il keçəndədn sonra da bir şeir unudulmursa demək burada nəsə var, bir ata sözündə deyildiyi kimi: “bizi aparan çaya sel demək lazımdır”. Sevincin öz şerində təsvir etdiyi real həyat gerçəkliyidir, bir şair kimi o özündən əvvəlki şairlərin girmədiyi, girə bilmədiyi mövzulara cəsarətlə girməyi bacarır ki, bu əslində qəhrəmanlıq sayılmalıdır. Lakin əksinə, hər kəs Sevinci ittiham edir, mətbuatda belə onun haqqında təhqiramiz sözlər yazırlar. - Gəlin etiraf edək ki, Azərbaycan ədəbiyyatında ədəbi hadisə yaranmır. Buna səbəb nədir? - Gəlin siz də məni belə etiraflara sürükləməyin, Arzu xanım. Azərbaycan ədəbiyyatında ədəbi hadisə yaranır. Bu hadisəni yaradan ən azı 10 gənc yazıçının və şairin adını çəkə bilərəm, onların ən azı 9-u Azad Yazarlar Ocağının sıralarında birləşiblər. Məsələn elə Sevincin o şerini götürün, məgər hadisə deyilmi? İllərdir beyinləri məşğul edir, az qala yeni ədəbiyyatın manifesti kimi qələmə verilir. Məncə hadisə var, ancaq bu hadisəni görmək üçün bizim insanlarda bəsirət çatmır. Seymur Baycanın, Nərmin Kamalın, Günel Mövludun əsərləri birər hadisədir. Orxan Eypin bir hekayəsinə görə “Lakin” qəzeti bağlanmaq məcburiyyətində qaldı. Daha hadisə nəyə deyirsiniz? Bəlkə sizin nəzərinizcə Qəşəmin, Elçinin Hüseyinbəylinin yazdıqları hadisədir? - Yox, son adını çəkdiyiniz yazarların əsərləri məndə heç bir maraq doğurmur. Ancaq mənim müşahidə etdiyim bir məsələ var, baxıram ki, yenə də yazılanlar təkrar olunur. Məslən Həmid Herisçi Seyran Səxavətin “Nekroloq”unun kopiyasını bir balaca fərqli varinatda köçürür və aləmə car çəkir ki, niyə mənim şedevrimi almırsınız. Bu əsl ədəbi hadisədir? Axı mən oxucu kimi artıq Seyran Səxavəti oxumuşam, özü də çox yaxşı səviyyədə təkrar oxumaq istəmirəm. Söhbət romanın adından deyil, mövzusundan gedir. - Təəssüf ki mən Seyran Səxavətin heç bir əsərini bu günə qədər oxumamışam. Ümumiyyətlə Sovet dövründə yetişən Azərbaycan yazıçılarının əsərlərini oxuya bilmirəm, hamının sevimlisi olan Anar, Elçin, Seyran, Əkrəm kimi yazıçıların əsərləri ancaq insanın zövqünü korlamağa yaraya bilər. Sosialist romantikası üslubunda yazan həmin yazıçıları modern yazı texnikasını mənimsəmiş Həmid Herisçi ilə müqayisə etmək absurddur. Həmid fenomenal yazıçılıq istedadına malik bir insandır, onun Seyran Səxavətdən faydalanmasını düşünmək gülüncdür. - Elə son günlər özünü postmodernist adlandıran Əli Əkbərin “Tanrıların qürubu” kitabı da Zərdüşt Əlizadənin Moskvada çıxan kitabının kopyasıdır. Sizcə ədəbi gənclik köçürə-köçürə hara gedir? Və ya Aqşinlə Seymur Baycan sonuncu kitabında əvvəlkini təkrar etdi. Yəni deyəsi yeni sözləri olmadığını, tükəndiklərini sübut etdilər. - Zərdüşt Əlizadənin belə bir kitabının olduğunu bilmirdim. Ancaq Zərdüşt Əlizadənin çağdaş ədəbi estetikadan uzaq bir insan olduğundan xəbərim var, buna görə də Ələkbərin ondan nəsə götürəcəyinə inanmıram. Sualınızın ikinci hissəsinə gəldikdə isə Seymurun və Aqşinin tükəndiyini sanmıram, onlar yaradıcılığa hələ təzə başlayıblar, istedadlarının aşıb-daşan vaxtıdır. Seymur özünün yeni romanında Azərbaycan yeni nəsrinin gözəl nümunəsini yaradıb, hesab edirəm ki, bayaq dediyiniz əsl ədəbiyyat hadisəsi bax bu romandır. Ədəbiyyatımızın inkişafında maraqlı olan insanlar bu roman haqqında yazmalı, danışmalıdır. Azərbaycan romançılığına nə qədər yeni çalarlar qazandırıb bu gənc yazıçı. - Əgər belə güclü əsərlər yazılırsa bizim ədəbiyyat niyə dünyaya çıxa bilmir? - Dünyaya əsər çıxartmaq havayı başa gəlmir ki. Dövlət bu işlərdə maraqlı olmalıdır. Məsələn Seymur Baycanın Avropa ölkələrindən birinə səfər etməsi üçün sizcə Mədəniyyət Nazirliyi pul verərmi? Məncə verməz. Çünki Seymur Baycan nə vaxtsa Əbülfəs Qarayevi tənqid edib, adı düşüb arzuolunmazlar siyahısına. Mədəniyyət Nazirliyinin “arzuolunan” hesab etdiyi və dəstəklədiyi yazıçılarda isə istedad yoxdur. Bax belə bir paradoks meydana gəlib. Halbuki Seymur Baycanın siyasi müxalifətlə heç bir bağlılığı yoxdur, əksinə, yazılarında ən çox tənqid etdiyi adamlar elə müxalifət düşərgəsinə mənsub olan siyasilərdir. İnanıram ki, Mədəniyyət Nazirliyi və digər rəsmi qurumlar dövlətin mədəni siyasətinə şəxsi münasibətlər prizmasından baxmağın yanlış olduğunu anlayacaqlar və istedadsız adamlarla deyil, əsl istedadlarla işləməyə başlayacaqlar. Çünki istedadlı insanlar da elə neft buruğu kimi bir şeydir, bu millətin var-dövləti, sərvətidir... Dünyaya çıxmaq pula bağlıdır. Dövlət Yazıçılar Birliyinə verdiyi pulun yarısını Yazarlar Ocağına versə biz Nobeli Azərbaycana gətirə bilərik. - Yazıçılar Birliyinin gənc yazıçılara veriləcək təqaüd siyahısından razısınızmı? Anarın bu siyahıya öz qızını salamsına necə baxırsınız? - Yazıçılar Birliyinin körüklədiyi gənc yazarlar bir qayda olaraq istedadsız adamlardır, Günel Anarqızı da daxil olmaqla. Belə hesab edirəm ki, bu təşkilat ikinci dərəcəli yazıçılar və şairlər tərəfindən zəbt olunub, buna görə də estafeti ikinci dərəcəli yazıçılara ötürməkdə maraqlıdır. Sabir Əhmədli kimi təmənnasız bir insanı idari işlərdən uzaqlaşdırıblar. Başqa misallar da gətirmək olar. Sübuta ehtiyac yoxdur ki, bu təşkilatın bütün fəaliyyəti ədəbiyyatımızın ziyanına yönəlib. O cümlədən təqaüd məsələsində də dövlət başçısının xoş məramlı sərəncamından sui-istifadə ediləcəyini gözləmək olar. Arzu Abdulla
Şərhlər(1)
195 oxunma
Müsahibə


Arzu xanıma və Rasim Qaracaya geniş intervyü üçün öz təşəkkürümü bildirirəm. Çünki, ədəbiyyatımızın mühüm problemlərindən söhbət gedir.
Noyabr 4, 2008 12:20Uzun müddət uzaqda yaşasam da həmişə ədəbiyyatımızda baş verən hadisələri mümkün qədər izləməyə çalışıram. Şübhəsiz ki, Rasim Qaraca ədəbiyyyatımız üçün çox böyük cəfakeşlik edir və onun bəhs etdiyi problemlər ədəbiyyatımızda ötən əsrin 70-ci illlərindən başlayıb sovetlərin süqutuna qədər davam etdi və bü günlərdə də əvvəlki kimi olmasa da, başqa şəkildə davam edir. Məsələn əgər B.Vahabzadə, Ə.Kürçaylı, N.Xəzri, B.Adil və s. kimi şairlər bir zaman 1-2 şeiri şap olunduqdan sonra Azərbaycan Yazıçıalr İttifaqının üzvü seşilmişdilərsə, 1971-ci ildən mətbutda çıxış edən bəndəniz 1984-cü ildə ilk kitabı nəşr olduqdan sonra 1994-ci ildə yazıçılar birliyinə üzv olub. Əslində burda ummaq olar, amma küsməyin yeri yoxdur, çünki bu istirahət kulubu deyil, ədəbiyyat meydanıdır. Əlbətdə, vaxt, zaman, dövr də oz sözünü deyir, amma ədəbi şəraiti elə ədəbiyyatçıların özü yaratmalıdır. Bu baxımdan "Alatoran" səhərə aparan bir yol ümidi verir. İstedad hələ sənət plçüsü deyil, şübhəsiz ki. Çox boyük məsuliyyət hissi, zəhmətə dpzə bilib əzab-əziyyətlərə qatlaşa bilmək də əsas şərtir. Quşların da uçmaq istedadı var, amma onlar insanın qalxdığı yüksəklikləri fəth edə bilməzlər. Nizamidən, Nəsimidən, Füzulidən bu yana əsrlər keçib, amma təəssüf ki, şairlərimiz şeir texnalogiyasında "çevir tatı, vur tatı" zərb məsələsindən çox da o yana gedə bilməyiblər. Əslində şeir Nizami ilə bitmədi, Nizami ilə başladı. Yüksək, profesional bir sənət baxımından.
"Aalatoran"a gəldkdə isə, sizləri alqışlayıram, müəlliflərin yaradıcılığına diqqətlə və hörmətlə yanaşmağa çalışıram. "Alatoran" öz ədəbi tənqidi də yetişməlidi, proses davam edir. Ciddi ədəbiyatçı olmaq istəyən gənclərə doğru yol göstərmək,(özləri də axtarıb tapa bilərlər!) tənqidə dözmək və tənqiddən bəhrələnmək mədəniyyətinə yiylənmək.Söyüş söymək, ədəbi dili təhrif etmək həm özünü, həm də oxucularını təhqir etməkdir məncə. Yol yüksəkliklərə doğru olmalıdır.Dünyanı öyrən, amma öz milli köklərinə, gələnəklərinə xəyanət etmə.Bunsuz ahiri parıltı olar, sənət yoxdur. Bu günkü kompüter əsrində yazıçılarımızın klassiklərimizdən çox böyük potensial üstünlükləri var. Onlardan istifadə etmək lazımdır.Amma, viruslar təkcə kompüter proqramlarında olmur, yaradıclığından bəhrələndiyin mənmbələrdə də olur Və Nobel mükafıtını almaq üçün o mükafatı alanlardan qat-qat üstün yazmaq və bir də o komitəyə rəsmi şəkildə mükafat üçün təqdim etmək lazımdır! Başqa yolu yoxdur! Əslində, səmimi deyirəm, sənətkarın ən böyük mükafatı onun yaradıcılıq prosesində aldığı zövq, sənət adamlarının və səviyyəli oxucuların verdiyi qiymətdir. Başqa cür qiymətin də yeri var, verən olsa. "Alatoran"ın müəlliflərinin hər birinin yazılarını təhlil etmək çox geniş vaxt aparardı, amma qısaca bir-iki istəyimi bildirərdim, şeir də, nəsr də ədəbiyyat hesab olunur və o da öz növbəsində incəsənət hesab olunur.
Sənət isə, məhdud şərtlər daxilində, qeyri-məhdud imkanların göstəricisidir.
Yaradıcı gənclərimizə, axsaqqalarımıza, elə qoca və qocamanlarımıza da uğurlar arzulayıram.
Hörmətlə, Moskvadan
Sultzn Mərzili.